QUBA SUMAĞININ QİYMƏTİ NİYƏ 50 MANATDIR?
Baxış sayı: 34
Qutab, lülə-kabab, balıq, qızardılmış ət, tat çığırtması və digər təamları sumaqla yeməyi xoşlayanların əksəriyyəti bu ədviyyatın necə hazırlanmasından xəbərsizdir. Süfrələrə bəzək, yeməklərə isə xüsusi dad verən sumaq məhz avqust və sentyabr aylarında toplanır.
Hündürlüyü üç metrə çatan sumaq kollarına daha çox dağlıq kəndlərdə rast gəlinir. Quba rayonunun Zərqava inzibati ərazi dairəsinə aid Kələnov və Qasımqışlaq kəndlərinin sakinləri də uzun illərdir yabanı halda yayılan bitkinin meyvəsini toplayaraq gəlir əldə edirlər.
Yeməklərin dadına dad qatan sumaq ağacının meyvələri budaqların uc hissəsindəki zoğlarda salxım şəklində olur. Yetişən xırda meyvələr qırmızı rəngə çalır. Yazlıq və payızlıq növü olan sumağın xüsusi yığılma və emal qaydaları var.Kənd sakinləri bildirirlər ki, bir insan ağaclardan gün ərzində 20 kiloqramadək sumaq meyvəsi yığa bilər. Bundan da cəmi 3-4 kiloqram təmiz ədviyyat alınır.
Sumaq ağacdan yığıldıqdan sonra bir müddət qurudulur. Sonra həmin xammal döyülür və meyvələr zoğdan ayrılır. Meyvələr ikinci dəfə tam quruyanadək saxlanıldıqdan sonra yenidən emal olunur. Bunun üçün meyvələr xüsusi torbalara doldurularaq toxumlarından ayrılanadək əzilir. Əldə edilən məhsul ələkdən keçirildikdən sonra hazır vəziyyətə gəlir. Böyük zəhmətlə ərsəyə gələn sumağın bir kiloqramı 50 manata, stəkanı isə 5 manata satılır.Fars dilində qırmızı meyvə və limonlu ədviyyat kimi tərcümə olunan sumağın 250-yə yaxın növü var. Bu bitkiyə Azərbaycanda Quba ilə yanaşı, Lənkəran, İsmayıllı, Göyçay, Şəki və Zaqatala rayonlarının dağ meşələrində də təsadüf edilir. Sumaq meyvəsinin tərkibində 18-20 faiz aşılayıcı maddə, şəkər, üzvi turşular, C və K vitaminləri var. Meyvəsindən xalq təbabətində çay kimi dəmləyib ishala və dezinteriyaya qarşı işlədilir. Elmi təbabətdə duru ekstrakt hazırlayıb hipertoniyada, eləcə də şəkər xəstəliyi zamanı içirlər. Habelə sumaq orqanizmdə iltihablanma, hərarət, artrit, dəri iltihabı, tənəffüs pozğunluqları, bronxit və bir çox xəstəliyin müalicəsində müsbət təsirə malikdir. Ədviyyat olaraq istifadə edilməsiylə yanaşı, boya sənayesi sahələrində də istifadə edilən sumaq, həmçinin doşab və digər içkilərin istehsalında da istifadə edilir.Laboratoriya nəticələri sumağın yaxşı antibakterial xüsusiyyətlərə malik olduğu təsdiqləyib.
Sumaq qədərindən artıq istifadə edilərsə insan orqanizmində problemlər yarada bilər. Bu bitkidən təzyiqi yüksək olan insanların istifadə etməsi düzgün deyil. Həmçinin sumaqdan istifadə miqdarından artıq yeyilməməlidir. Çünki həddən artıq sumaq yemək insanda qəbizlik yaradır. Əsl sumağı saxtadan ayırmaq üçün dadına və rənginə fikir vermək lazımdır. Saxta sumaq qatqılara görə turş yox, acı dadır. Həmçinin təbiidən fərqli olaraq, saxta sumağın rəngi ələ çıxır.Günümüzdə istənilən marketdə və bazarlarda rahatlıqla tapılan sumaq ədviyyatı, hava almayan sıx bağlanmış qablarda istilik və işıqdan uzaq tutularaq saxlandıqda daha uzun ömürlü olur. Sumaq ədviyyatının köhnəldiyini qoxulayaraq başa düşmək mümkündür. Əgər heç qoxusu gəlmirsə ədviyyat nəmlənib və ya köhnəlib. Unutmayın ki, istehsal müddətindən və saxlanma şəraitindən asılı olaraq sumağın istifadə müddəti bir il hesab edilir.