QUBA SOYQIRIMI MEMORİAL KOMPLEKSİ ZİYARƏT EDİLİB

Martın 31-i Azərbaycanlıların Soyqırım hadisələrinin 106-cı ildönümü ilə əlaqədar Quba rayon İcra Hakimiyyətinin Başçısı İlqar Mahmudov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi və Xidmətin məsul şəxsləri Quba şəhərində Ulu öndər Heydər Əliyevin adını daşıdığı Mədəniyyət və İstirahət parkında Ümummilli Liderin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.Sonra rayon rəhbəri, qonaqlar, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Quba rayon təşkilatının sədri, bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri, din xadimləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edərək, soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər.Səhər saatlarından başlayaraq azərbaycanlıların soyqırımının 106-ci ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksini kütləvi şəkildə ziyarət edilir. Ziyarətçilər arasında hökumət və dövlət nümayəndələri, idarə və müəssisələrin kollektivləri, siyasi və ictimai təşkilatların üzvləri, respublikamızın bölgələrindən olan şagird və tələbələr, sıravi vətəndaşlar, eləcə də xarici vətəndaşlar var. Ziyarətçilər soyqırımı qurbanlarının xatirəsini anmaqla yanaşı, tarixi faktlarla daha yaxından tanış olurlar. Hazırda Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Ziyarətçilərə kompleksin bələdçiləri tərəfindən 4 dildə (Azərbaycan, ingilis, rus və ərəb) soyqırımı haqqında informasiyalar verilir. Kompleks fəaliyyətə başladığı 2013-cü ildən indiyə kimi ümumilikdə milyondan çox ziyarətçi qəbul edib.