QARA ÇAY SOYUQDƏYMƏNİ ARADAN QALDIRIR
Baxış sayı: 21
Çay Azərbaycanda və dünyada ən çox istehlak olunan içkilərdən biridir. Səhər süfrəsindən tutmuş gün ərzində fasilələrə qədər çay bir çox insan üçün vazkeçilməzdir. Mütəxəssislər xəbərdarlıq edir ki, çayın faydalı olması onun miqdarından və növündən birbaşa asılıdır.Mütəxəssislərin fikrincə, sağlam bir insan üçün gündə 2–4 stəkan çay ideal hesab olunur. Bu miqdar orqanizmi faydalı maddələrlə təmin edir və mənfi təsirlərə səbəb olmur. Qara çay xüsusilə mövsümü soyuqdəymələr zamanı daha çox faydalıdır. Ağır və yağlı yeməklərdən 1 saat sonra qəbul olunması həzm prosesini asanlaşdırır. Ona rəng verən birləşmələr damar çəpərlərini gücləndirir, beyin də daxil olmaqla bütün orqanlarda hər cür qanaxma riskini azaldır. Çay içilməsi qan dövranını yaxşılaşdırır, diş minasını möhkəmləndirir, bədəni zərərli maddələrdən təmizləyərək böyrəklərin daha yaxşı işləməsini təmin edir. Habelə çay antioksidantlarla zəngindir, immun sistemini gücləndirir, yorğunluğu azaldır və diqqəti artırır. Yaşıl çay maddələr mübadiləsini sürətləndirir, qara çay isə beyin fəaliyyətini stimullaşdırır. Bitki çayları isə sakitləşdirici təsir göstərir. Çay, eyni zamanda, pəhriz üçün də yaxşı vasitədir, çünki kalorisizdir. Onun vasitəsilə maddələr mübadiləsini yaxşılaşdırmaq olar. Gün ərzində 5–6 stəkandan çox çay içmək bəzi hallarda yuxusuzluq, ürəkdöyünmə, mədə narahatlığı və dəmir çatışmazlığına səbəb ola bilər. Xüsusilə qara çayın tərkibindəki kofein və tanin maddələri bu problemləri yarada bilər. Ümumiyyətlə artıq və vaxtsız içilən çay orqanizmə mənfi təsir göstərir. Ona görə də orqanizmin ehtiyac duyduğu mayeni su ilə ödəmək məsləhətdir.
