PAKİSTAN GENERALI HİNDİSTANA ŞƏRT QOYDU

Hindistan ordusu Kəşmirdə nəzarət xəttində yerləşən Çora kompleksində ağ bayraq qaldırıb. Bu barədə “Deyli Pakistan” qəzeti təhlükəsizlik güclərindəki mənbələrə istinadən bilgi yayıb. Verilən bilgiyə görə, Pakistan ordusunun nəzarət xətti boyunca düşmən postlarına ciddi zərbə vurması Hindistan ordusunun Çora kompleksi postunda ağ bayraq asmasına səbəb olub. Mənbələr həmçinin Azad Cammu və Kəşmirdə nəzarət xətti yaxınlığındakı əməliyyatlarda iştirak edən Hindistanın əsas taktiki quruluşu olan 12-ci piyada briqadası, 9-cu diviziya, 15-ci korpusun qərargahının Pakistan ordusu tərəfindən məhv edildiyini təsdiqləyib. Pakistanın müdafiə naziri Xavaca Asif isə "Blumberq" agentliyinə müsahibəsində bildirib ki, Hindistan "Sindur" hərbi əməliyyatını və digər təcavüzkar hərəkətləri dayandırarsa, Pakistan münaqişədə gərginliyi artırmayacaq. "Biz bütün bu müddət ərzində demişik ki, Hindistana qarşı heç nə etməyəcəyik. Əgər Hindistan geri çəkilsə, biz də mütləq hərbi əməliyyatlarımızı dayandıracağıq. Lakin bizə hücum edildiyi müddətdə cavab verməli və özümüzü müdafiə etməli olacağıq", - deyə Xavaca Asif bildirib. İki ölkə arasında qarşılıqlı zərbələrdən sonra danışıqların mümkünlüyünə dair suala cavab verən nazir qeyd edib ki, o, belə təmasların olmasından xəbərsizdir. Xatırladaq ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanın mülki infrastrukturuna zərbələr endirib. Hücum nəticəsində azı 26 nəfər ölüb, 46 nəfər yaralanıb. Pakistan tərəfi isə öz növbəsində Hindistanın təcavüzünə cavab tədbirləri görüb və verilən son bilgiyə əsasən Hindistanın 5 qırıcısı vurulub.