Nazirlər Kabineti yanında Operativ qərargah kütləvi tədbirlərin təxirə salınması ilə bağlı məlumat yayıb.Beləki ,“Adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riski yüksək olduğundan qarşıdakı aylarda toy və bu cür məclislərin təxirə salınması, yas mərasimlərinin isə kütləvi keçirilməməsi tövsiyə edilir”.
“Virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan hökuməti tərəfindən aparılan tədbirlərə dəstək olaraq vətəndaşlarımızı bir daha adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmağa, xarici ölkələrə, eyni zamanda risk qrupu ölkələrinə səfərlərini təxirə salmağa, vacib səfərlər zamanı isə qoruyucu tədbirlərə maksimum riayət etməyə (qoruyucu tibbi maska, xüsusi qoruyucu eynək, dezinfeksiyaedici vasitələrdən istifadə və s.) çağırırıq”, - deyə operativ qərargahdan qeyd edilib. Virusun dünya üzrə əhatə dairəsi genişləndiyindən ölkəmizdə də müvafiq profilaktik tədbirlər gücləndirilib. Bununla əlaqədar Bakı şəhərində və respublikanın müxtəlif regionlarında mart ayında keçirilməli olan ənənəvi Novruz şənlikləri ləğv edilib. Qərargah mütəxəssislərlə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək ayrı-ayrı qurumları yaxın müddətdə hər hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini isə dəyişdirməyə çağırır. Həmçinin adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riski yüksək olduğundan, qarşıdakı aylarda toy və bu cür məclislərin təxirə salınması, yas mərasimlərinin isə kütləvi keçirilməməsi tövsiyə edilir.