Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin inzibati ərazi dairə nümayəndələri (İƏD) ilə videobağlantı vasitəsilə keçirdiyi müşavirədə rayonda Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələrinin yerlərdə icra olunması istiqamətində əməli tədbirlərin görülməsi,
xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə riayət edilməsi, inzibati ərazi dairələri (İƏD) nümayəndəliklərinin və bələdiyyələrin vətəndaşlar arasında fərdi şəkildə maarifləndirmə işlərinin aparılması, sosial dəstəyə ehtiyacı olan insanlara yardım göstərilməsi ilə bağlı tapşırıqlar verilib. Bununla yanaşı, İƏD nümayəndələrinə hər bir ailənin, xüsusilə 65 yaşdan yuxarı olan insanların yaşadığı ailələrin nəzarətə götürülməsi, əhalinin sıx toplaşdığı ərazilərdə, parklarda, kənd mərkəzlərində, ictimai-iaşə obyektlərinə ciddi nəzarətin olması, təmas imkanlarının minimuma endirilməsi, vətəndaşların yalnız ciddi ehtiyac olduğu təqdirdə evdən çıxmalarına nəzarətin gücləndirilməsi diqqətə çatdırılıb. İcra başçısı Ziyəddin Əliyev aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə verdiyi tövsiyə və tapşırıqların daim diqqətdə saxlanılmasının vacibliyini də qeyd edib. İcra başçısı hazırda müşahidə olunan həssas dönəmdə dövlətimizin başçısının “daim vətəndaşın yanında olun” tapşırığına uyğun olaraq, hər kəsin məsuliyyətli olması və tələb olunan qaydalara əməl edilməsində qüsursuz fəaliyyət göstərmələri barədə göstəriş verib.