ERMƏNİLƏRİN İRANDAKI KONSERTİNİ DÖVLƏT TELEVİZİYASI CANLI YAYIMLADI
Baxış sayı: 22
Ötən şənbə günü İranda Ermənistan milli filarmoniya orkestrinin konserti baş tutub. Orkestrin 100 illiyinə həsr olunmuş konsert İranın Fars əyalətinin mərkəzi Şiraz şəhərinin yaxınlığında yerləşən və qədim Əhəməni, yaxud Həxamənşi imperiyasının paytaxtı sayılan Persepolis və ya Təxti-Cəmşid adlı tarixi ərazidə keçirilib. Konsertin təşkilatçıları Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi, Ermənistanın İrandakı səfirliyi, eləcə də İranın Mədəni İrs, Turizm və Xalq Sənətkarlığı Nazirliyi, Mədəniyyət və İslami İrşad Nazirliyi və Fars əyalətinin qubernatorluğu olub. İranda və Ermənistanda geniş reklam olunan bu tədbirlə əlaqədar Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Janna Andreasyanın başçılıq etdiyi 32 nəfərlik nümayəndə heyəti İrana səfər edib. İran mediasının verdiyi məlumata görə, yüzdən çox erməni musiqiçisinin iştirak etdiyi konsertdə bütövlükdə 1500 tamaşaçı olub, o cümlədən dünyanın 23 ölkəsini təmsil edən 40-dan çox səfir və diplomat, həmçinin UNESCO-nun iki təmsilçisi tədbirə qatılıb. Konsertdə Ermənistan milli filarmoniya orkestrinin bədii rəhbəri Eduard Topçiyanın dirijorluğu ilə erməni və dünya klassik musiqisinin nümunələri səsləndirilib. İranın Mədəni İrs, Turizm və Xalq Sənətkarlığı naziri Rza Salehi Əmiri konsertin İran dövlət televiziyası ilə canlı yayımlandığını və geniş ictimai rezonans doğurduğunu vurğulayaraq, erməni orkestrinin çıxışını “xüsusi əhəmiyyət daşıyan nadir hadisə” adlandırıb və onun “iki xalqın tarixi və mədəni əlaqələrini əyani şəkildə nümayiş etdirən mühüm və unikal tədbir” olduğunu bildirib. Öz növbəsində Janna Andreasyan həmin konserti iki ölkənin fəal mədəni əməkdaşlığının parlaq nümunəsi adlandıraraq deyib: “Həm Şirazın, həm də erməni icmasının mövcudluğunun açıq şəkildə göründüyü Persepolis kompleksinin müstəsna tarixi və mədəni dəyərləri məni çox heyran etdi”. Janna Andreasyanın Persepolisdə erməni icmasının mövcudluğuna işarə etməsi, ermənilərlə farsların dostluğunun azı 2500 illik tarixə malik olduğunu vurğulamaq məqsədi daşıyır. Onuda xatırladaq ki, Ermənistan milli filarmoniya orkestrinin İrana bundan öncəki səfəri Tehrandakı vəhdət salonunda hazırda İranda yaşayan erməni bəstəkarı Loris Çexnaqoryanın Rüstəm və Söhrab operasının ifası ilə əlaqədar olub. Yəni ki, şahnamə qəhramanlarını barədə operanın. Şahnamənin ideoloji mahiyyəti isə hər kəsə məlumdur.