BU GÜNÜN TARİXİ (03 APREL)

Bu gün simsiz rabitə sənayesinin pioneri sayılan Martin Kuper dünyada ilk dəfə mobil telefondan zəngi həyata keçirib. O, Motorola şirkətində işləyərkən 1973-cü ildə mobil telefonu kəşf edib və həmin ilin 3 aprel tarixində yaratdığı mobil telefondan ilk dəfə zəng etmişdir

Həmsöhbəti isə rəqibi alim Joel Engel olmuşdur. Martin Kuperin ilk işlətdiyi söz- “Mən sənə əsl mobil telefondan zəng edirəm” olub. Kuperin ilk zəngi etdiyi telefon isə 1.2 kiloqram çəkisi olan Motorola DynaTAC markalı telefon idi. Bu gün Azərbaycanın görkəmli ictimai və siyasi xadimi Ələkbər Rəfibəylinin xatirə günüdür. 1839-cu ildə Gəncədə doğulan Ələkbər Sankt-Peterburqda Kənd Təsərrüfatı üzrə təhsil aldıqdan sonra geri qayıdıb, Gəncə Polis sistemində (1896) müxtəlif rəhbər vəzifələrdə çalışıb, maarifçi və xeyriyyəçi kimi də fəaliyyət göstərib. Ələkbər Rəfibəyli erməni terrorçularına qarşı mübarizə məqsədilə yaradılan “Difai” partiyasının Gəncə təşkilatının rəhbərlərindən biri olub. O, 1905-ci ildə bölgədə azərbaycanlılara qarşı soyqırımların qarşısını almaq məqsədilə ümumi səfərbərlik keçirib, müdafiə dəstələrinə rəhbərlik edib. Erməni terroru barədə mətbuatda çoxsaylı məqalələrlə də çıxış edən Ə.Rəfibəyli həm də Gəncədə Nizaminin qəbirüstü məqbərəsinin tikilməsinin ilk təşəbbüsçülərindən biridir. O, 1919-cu ilin 3 aprelində dünyasını dəyişib. 3 aprel 1930-cu ildə Türkiyədə qadınlara ilk dəfə seçmək və seçilmək hüququ verildi. Türkiyə Böyük Millət Məclisində qəbul edilən Bələdiyyələr Qanunu əsasında ölkə qadınları seçkilərdə seçmək və seçilmək haqqına sahib oldu. Xatırladaq ki, Azərbaycan 1918-ci ildə qadınlara seçmək və seçilmək haqqı verərək, müsəlman şərqində 1-ci, dünyada isə, ilk yerlərdə qərarlaşıb.