ADPU-NUN QUBA FİLİALINDA ELMİ KONFRANS KEÇİRİLİB
Baxış sayı: 22
Respublikanın aparıcı ali təhsil və elmi müəssisələrinin alim və tədqiqatçılarının iştirakı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialında görkəmli maarifçi və ədəbiyyatşünas Mirzə Hüseyn Əfəndi Qayıbzadənin anadan olmasının 195 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib. “Hüseyn Əfəndi Qayıbzadə irsi: ənənə və maarifçilik kontekstində” mövzusunda keçirilən respublika elmi konfransı rəsmi açılış, bədii hissə və iki panel iclasdan ibarət olub. Konfransın açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ümummilli lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. İştirakçıları salamlayan Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının direktoru, professor Yusif Alıyev Qafqaz müftisi, görkəmli maarifçi və ədəbiyyatşünas Mirzə Hüseyn Əfəndi Qayıbzadənin həyat və yaradıcılığı, pedaqoji və ictimai fəaliyyəti haqqında ətraflı bilgi verib, konfransın işinə uğurlar arzulayıb. Digər çıxışçılar Mirzə Hüseyn Əfəndi Qayıbzadənin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarına toxunublar. Azərbaycanda görkəmli şəxsiyyətlərin, o cümlədən xalqın maariflənməsində böyük xidmətləri olan ziyalıların xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işləri yüksək dəyərləndiriblər. Bu sahədə ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb və bu xəttin milli dəyər olduğu bildirilib. Qeyd olunub ki, Mirzə Hüseyn Əfəndi Qayıbzadənin tarixi missiyasının gənc nəsillərə olduğu kimi çatdırılması xalqımızın şərəfli tarixinə və işıqlı gələcəyinə göstərilən ehtiramın ifadəsidir. Elmi konfransın açılış mərasiminin bədii hissəsində Xəzər Universitetinin Kamera Orkestrinin ifasında zəngin musiqi proqramı təqdim olunub. Qeyd edək ki, konfransdan hazırlanmış foto və video materiallar universitetin rəsmi informasiya resurslarında yayımlanacaq.
