Bu gün Azərbaycanın görkəmli kino və teatr aktyoru, rejissor və pedaqoq, xarakterlər ustası, mürəkkəb obrazları yüksək peşəkarlıqla ifa etmiş Rza Təhmasibin doğum günüdür.
O 20 aprel 1894-cü ildə Naxçıvanda doğulub. Milli teatr ənənələrinin yaranmasında, Azərbaycanda realist teatrın formalaşmasında Rza Təhmasib yaradıcılığının əhəmiyyəti əvəzsizdir.Kinomuzda onun ən layiqli aktyor işi isə "Qanun naminə" filmində yaratdığı Qaloş obrazıdır. Rza Təhmasib bu personajın daxili məkrini, hiyləgərliyini çox maraqlı jestlərlə tamaşaçıya çatdıra bilib.Aktyorun kinoda rejissor kimi ən uğurlu işi isə "Arşın mal alan" filmi olub. 1945-ci ildə kinorejissor Nikolay Leşşenko ilə birgə yaratdığı bu film SSRİ Dövlət mükafatına layiq görüldü.Rza Təhmasib 1946-cı ildə Azərbaycanın əməkdar incəsənət xadimi, 1946-cı ildə SSRİ Dövlət mükafatı laureatı, 1964-cü ildə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülüb, “Şərəf nişanı” ordeni və başqa mükafatlarla təltif olunub.Aktyor 14 fevral 1980-ci ildə 86 yaşlı dünyasını dəyişib. 20 aprel həmçinin Görkəmli aktrisamız Nəsibə Zeynalovanın doğum günüdür .Aktrisa 1916-cı ilin bu günü Bakıda doğulub. Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik edib. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. Aktrisa Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, Sənəm, Mələk xanım və Kələk xanım kimi xarakterik səhnə obrazlarında çıxış edib.Yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır. Bu baxımdan aktrisa aşağıdakı rolların əvəzsiz ifaçısı sayılır.Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış edən Nəsibə Zeynalova həmçinin "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qaynana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") rolları daha canlı və daha şöhrətlidir.Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq artisti fəxri adına layiq görülüb."Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır.Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. 20 Aprel Xalq artisti, xanəndə, bəstəkar Cabbar Qaryağdıoğlunun anım günüdür Cabbar Qaryağdıoğlu musiqi tarixində muğamı teatr və konsert səhnəsindən səsləndirən ilk xanəndə olub. Belə ki, 1897-ci ildə görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə Şuşada tamaşaya qoyulan “Məcnun Leylinin məzarı üstündə” musiqili səhnəciyində Məcnun rolunun ifaçısı Cabbar Qaryağdıoğlu olub. O, klassik muğamların hamısını və bir çox təsnifləri böyük məharətlə oxuyub. Xüsusilə, onun oxuduğu “Heyratı”, “Mənsuriyyə” zərbi muğamları, “Mahur”, “Şahnaz” muğamı musiqi tariximizdə misilsiz nümunələrdir. Cabbar özündən əvvəlki ustadlardan fərqli olaraq, xanəndəlik sənətində ilk dəfə olaraq, muğam və təsniflərdə Azərbaycan dilində qəzəllər oxuyub. O, konsert və məclislərdə Füzuli, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan və digər Azərbaycan şairlərinin qəzəllərini ifa edirdi. Məhz ana dilində qəzəllər və şeirlər oxumaqla muğamların xalq arasında geniş yayılmasına səbəb olub.C.Qaryağdıoğlunun musiqi tarixinin tədqiqi üçün mühüm əhəmiyyət kəsb edən “Azərbaycan musiqisinin keçmişi haqqında xatirələr” adlı əlyazmasında XIX əsrin xanəndə və musiqiçilərindən, təsnif və mahnılardan bəhs edilir.Xanəndə 1944 cü ilin bu günü vəfat edib.