“ZƏFƏRİN UŞAQLARI İLƏ OXU MARAFONU” REGİON MÜƏLLİMLƏRİ İLƏ GÖRÜŞÜB
Baxış sayı: 69
Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Zəfərin uşaqları ilə Oxu Marafonu” – Şimal bölgəsi məktəblilərinin mütaliə yarışı” layihəsinin sayca ikinci görüşü müəllimlərlə keçirilib. Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbində baş tutan təlimdə ANAİB İdarə Heyətinin sədri Şəmil Sadiq, layihənin təlimçiləri, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşı, eləcə də marafonda iştirak edən məktəblərin kitabxana müdirləri və müəllimləri iştirak edib. Layihənin təlimçiləri və ekspertləri seçilmiş məktəblərin müəllim və kitabxanaçılarına layihənin məqsəd və fəaliyyət planı barədə geniş məlumat verib. Onlar üçün məktəbdə kitab oxuma vərdişlərinin və bunun vasitəsilə vətənpərvərlik hisslərinin aşılanması, kitab müzakirələrinin düzgün təşkil olunması və oxuyub-anlama mövzusunda ümumilikdə 6 saatlıq təlim təşkil olunub. Layihənin təlimçiləri və ekspertləri müxtəlif mövzularda seminar veriblər. Sonda verilən seminarların nəticəsi müəllimlərlə müzakirə edilib və layihəylə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb. Layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, ANAİB-in təşkilatçılığı, Quba-Xaçmaz Regional Təhsil İdarəsi, QafqazTV, Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba Filialı, MUSİAD Azərbaycan və QİAB-ın tərəfdaşlığı, 525-ci qəzet və edebiyyat və incəsənət.az-ın isə informasiya dəstəyi ilə həyata keçirilir. Qeyd edək ki, layihənin sonrakı mərhələsində marafona qoşulan 6 məktəbdən 300 şagirdlə görüşün keçirilməsi nəzərdə tutulub.