“ALOV ZAVODU”NDA PARTLAYIŞ BAŞ VERİB?

"Azərbaycanfilm" kinostudiyasında baş verən yanğının səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır. Bu barədə FHN Mətbuat xidmətindən bilgi verilib. Bildirilib ki, ötən gecə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində kinofilm çəkilişlərində istifadə olunan pirotexniki maddələr yığılan tikilidə partlayış nəticəsində yaranmış yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb. Partlayış nəticəsində ümumi sahəsi 200 m² olan birmərtəbəli tikilinin konstruksiyaları dağılıb. Taxta qutularda yığılan digər pirotexniki vasitələr, 3 ədəd propan qaz balonu və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Xatırladaq ki, ilkin yayılan xəbərlərə görə partlayış Müdafiə Sənayesi Nazirliyinin “Alov” zavodunda baş verib. Bununla bağlı Müdafiə Sənayesi Nazirliyi “Alov” zavodunda partayışın baş verməsinə dair yayılan xəbərlərə münasibət bildirib. “Yayılan xəbərlər həqiqətə uyğun deyil, “Alov” Zavodunda hər hansı partlayış, yanğın baş verməyib”, - deyə bilgidə qeyd olunub.