ŞƏKİ XAN SARAYI ÜMUMDÜNYA İRS SİYAHISINDA

İyulun 7-də Şəki şəhərində Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunmasına dair sertifikatın təqdimetmə mərasimi keçirilib.Təqdimat mərasimində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov, Milli Məclisin deputatları, Mədəniyyət Nazirliyinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.Tədbir iştirakçıları əvvəlcə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində Şəki sənətkarlarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.Tədbiri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev açaraq, iki il əvvəl, 2019-cu il iyulun 7-də Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyini və bugünkü təqdimat mərasiminin də həmin əlamətdar hadisə ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirilib ki, bu, ölkəmizin tarixində, eləcə də Şəkinin mədəni irsinin və turizm potensialının tanıdılmasında çox mühüm hadisədir. Hazırda Şəki şəhərinin turistlərin ən çox üz tutduqları tarixi, bənzərsiz məkanlardan biri olduğunu vurğulayan agentliyin sədri deyib: “Şəki şəhəri memarlığı, tarixi mədəni irsi, sənətkarlıq nümunələri, təbiəti, mətbəxi, qonaqpərvərliyi ilə hər zaman seçilib. Şəkinin tarixi hissəsinin mühafizəsi və inkişafı dövlətin daim diqqətindədir. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğuna Milli Qoruq statusunun verilməsi bu diqqətin bariz nümunəsidir. Bütövlükdə, ölkənin turizm potensialını hərtərəfli tanıtmaq və regional turizmi inkişaf etdirmək əsas hədəflərimizdəndir”.Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, iki il əvvəl Azərbaycanın ən qədim şəhərlərindən Şəkinin Xan Sarayı ilə birgə tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması ölkəmizin ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda tanınması kimi qiymətləndirilir.“Bu, o deməkdir ki, Şəki Xan Sarayı, tarixi abidələr, sənətkarlıq emalatxanaları və yaşayış evləri təkcə xalqımızın deyil, həm də bəşəriyyətin mədəni irsi hesab olunur. Şəkinin tarixi əhəmiyyətini göstərən bu mühüm hadisə, öz növbəsində region üçün bir sıra iqtisadi imkanlar yaradır. İqtisadi imkanlar bu diyarın turizm potensialının reallaşdırılması deməkdir”,- deyə KOBİA-nın rəsmisi vurğulayıb.Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə Şəkinin Xan Sarayı ilə birgə tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına düşməsinin uzun və çətin yol nəticəsində baş verdiyini bildirərək, Şəkinin təkcə maddi-mədəni irs üzrə deyil, həm də yaradıcılıq kontekstində mühüm rol oynadığını qeyd edib.Çıxışlardan sonra UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov Ümumdünya İrs Siyahısına daxil olma ilə bağlı UNESCO sertifikatını Fuad Nağıyevə və Elxan Usubova təqdim edib.Tədbir çərçivəsində, həmçinin Şəkidə tarixi-mədəni irsin qorunub saxlanması və xalq tətbiqi sənətinin inkişafında xidmətlərinə, keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə bir qrup şəxs təltif olunub. v