ŞAGİRDLƏRİN TƏHSİLDƏN YAYINMA SƏBƏBLƏRİ

Məktəbyaşlı uşaqların təhsildən uzaqlaşması XXI əsrin dünya ölkələrinin əsas sosial problemlərindən birinə çevrilib. Dünya ölkələrində 1990-cı ildə 100 milyondan çox uşaq təhsilsiz idisə, bu göstərici 2000-ci ildə 113 milyonu keçib. Təhsildən yayınma halları, əsasən də, qız uşaqlarına qarşı edilən bu cinayət dövlətin siyasi-iqtisadi, sosial və mədəni inkişafına zərər vurur. Çünki qız uşaqlarının bir çoxu erkən nikaha məcbur edilir. Dövlətimiz bütün vətəndaşlar üçün bərabər təhsil imkanları yaradıb. Ən müasir məktəblərimiz tikilib istifadəyə verilib. Belə bir şəraitdə uşaqların təhsildən kənar qalmaması, həmçinin təhsilə cəlb olunması üçün, ziyalılarımız da müəyyən addımlar atmalıdırlar. Yuxarı sinif şagirdlər arasında aparılan sorğular göstərir ki, onların dərsdən yayınması əsasən məktəb mühitinin cansıxıcı olması, dərslərin maraqsızlığı, gələcək həyat planlarının olmaması, ailə problemləri, erkən nikah düşüncələri, sosial şəbəkələrin təsiri və məktəb ilə şagird arasında psixoloji uyğunsuzluq kimi faktorlar rol oynayır ki, bu da onların tədrisdən yayınmasına gətirib çıxarır. Təhsil cəmiyyətin inkişafında müstəsna əhəmiyyətə malikdir. Bütün dövrlərdə təhsil cəmiyyətin aparıcı, strateji qüvvəsi olub. Araşdırmalar göstərir ki, təhsil nailiyyətləri davamiyyətlə sıx bağlıdır. Təhsildə davamlılıq nə qədər sıx olarsa, nailiyyətlər də bir o qədər yüksək olar. Heç kimə sirr deyil ki, təhsildən yayındırılan uşaqlar gələcəkdə sağlam və inkişaf etmiş bir cəmiyyətin üzvü olmaq imkanından məhrum olurlar.